Bu Palata da "mygov.az" platformasına inteqrasiya olunur

15:44 - 20.10.2025


20 oktyabr, Fineko/abc.az. Azərbaycan Qiymətləndirmə Palatasının (AQP) internet səhifəsi aqp.az-ın "mygov.az" platformasına inteqrasiyası başa çatmaq üzrədir.

ABC.AZ Palataya istinadən xəbər verir ki, inteqrasiya Palatanın Azərbaycan hökumətinə birbaşa qoşulmasıdır və ölkədə qiymətləndirmə fəaliyyətinin tam rəqəmsallaşması istiqamətində mühüm addım hesab olunur.

Proses tamamlandıqdan sonra vətəndaşlar qiymətləndirmə sifarişlərini elektron qaydada, sadə və rahat şəkildə həyata keçirə biləcəklər. Sistemə giriş Dijital Login, ASAN İmza, İdentifikasiya nömrəsi və ya üz tanıma (sima identifikasiyası) üsulları ilə təmin ediləcək. Bu imkanlar istifadəçilərə vaxt itirmədən, hər yerdən rahat şəkildə xidmətlərdən yararlanmaq imkanı verəcək.

Palatanın həyata keçirdiyi qiymətləndirmə prosesinə aid bütün sənədlər 5 il müddətində elektron arxivdə saxlanılacaq. Vətəndaşlar istənilən vaxt bu müddət ərzində sənədlərinə və qiymətləndirmə hesabatlarına onlayn baxa, onları yükləyə və qiymətləndirmə tarixçələrinə çıxış əldə edə biləcəklər. Bu, həm şəffaflığı artırır, həm də vətəndaşların informasiya əldə etməsini daha əlçatan edir.