17:30 - 15.09.2025
15 sentyabr, Fineko/abc.az. Azərbaycanda kənd təsərrüfatından gələn emissiyalar Azərbaycanın ümumi istixana qazları emissiyalarının təxminən 20 %-ni təşkil edir və Kənd Təsərrüfatı Nazirliyi bərpa olunan enerji mənbələrinin tətbiqi və iqlim baxımından ağıllı təcrübələr vasitəsilə bu payı 2030-cu ilə qədər əhəmiyyətli dərəcədə azaltmağı öhdəsinə götürüb.
ABC.AZ nazirliyə istinadən xəbər verir ki, bunu qurumun aparat rəhbəri Azad Cəfərli Macarıstanın paytaxtı Budapeştdə keçirilən Qlobal Yaşıl Kənd Təsərrüfatı Forumunda bildirib.
O, ötən il Bakıda keçirilmiş COP29 tədbirinə də diqqət çəkərək Azərbaycanın istixana qazları emissiyasının azaldılması üzrə yeni öhdəlik götürdüyünü xatırladıb.
Tədbirlər çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirilib, ekspert və mütəxəssislərlə fikir mübadilələri aparılıb, təcrübələr bölüşülüb.