Əli Əsədov Xəzəryanı ölkələrə çağırış edib

16:54 - 5.08.2025


5 avqust, Fineko/abc.az. Azərbaycan Baş naziri Əli Əsədov Türkmənistanın Avaza Milli Turizm Zonasında BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransının plenar iclasında sahilyanı dövlətləri Xəzərdə suyun səviyyəsinin azalması probleminin həlli üçün səylərini birləşdirməyə çağırıb.

Əli Əsədov deyib ki, ən çox narahatlıq doğuran məsələ Xəzərdə suyun səviyyəsinin azalmasıdır.

“Biz Xəzəryanı dövlətlərin üzləşdiyi bu ümumi problemin həlli üçün səylərimizi birləşdirməliyik. 2022-ci ildə Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının 6-cı Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ekoloji problemə xüsusi diqqət ayırıb. Azərbaycan Prezidentinin təklifinə əsasən, Xəzərin dayazlaşmasının səbəblərinin öyrənilməsi və qarşısının alınması məqsədilə ekspert qruplarının yaradılması istiqamətində addımlar atılır. Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələri gücləndirmək, regionlarımızı inteqrasiya etmək və daha firavan dünya naminə tərəfdaşlığımızı inkişaf etdirmək üçün bütün imkanlardan istifadə etməliyik. Azərbaycan öz təcrübəsi, resursları və xoş niyyəti ilə bu işə töhfə verməyə hazırdır. ” – Baş nazir qeyd edib.