Attestasiyadan keçməyən müəllimlər üçün xüsusi müsabiqə keçiriləcək

14:22 - 14.07.2025


14 iyul, Fineko/abc.az. Attestasiya prosesi Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq təşkil edilir və aparılır.

ABC.AZ xəbər verir ki, cari ilin fevral-iyul aylarında keçirilmiş attestasiya prosesi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Abşeron-Xızı, Mil-Muğan, Şirvan-Salyan və Quba-Xaçmaz regional mədəniyyət idarələrinin tabeliyindəki məktəblərdə, habelə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində çalışan 3900-a yaxın müəllimi əhatə edib.

Attestasiya komissiyasının qərarına əsasən tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlərin əmək müqaviləsinə xitam verilib. Kiçik səs çoxluğu (komissiya üzvlərindən 2 nəfərin lehinə və 3 nəfərin əleyhinə səsverməsi) ilə tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlər üçün təlimlərə cəlb olunmaq və xüsusi müsabiqədə iştirak edərək yenidən pedaqoji fəaliyyətə qayıtmaq imkanı yaradılıb. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən 2025-ci il 1 may tarixindən müxtəlif ixtisaslar üzrə təcrübəli mütəxəssislərin təlimləri təşkil edilib və bu proses davamlı olacaq.