İndiyədək neçə obyektə çıxarış verilib?

11:15 - 24.02.2025


24 fevral, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən istismarına icazə verilən obyektlərə çıxarışın verilməsi davam edir.

ABC.AZ xəbə verir ki, Dövlət Xidmətindən “Banker.az”a verilən məlumata görə, fərmanın icrasına başlanıldığı dövrdən 1 fevral 2025-ci il tarixinədək ümumilikdə 14.852 yerquruluşu planı hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Bildirilib ki, istismara icazə sənədi almış 2.037 qeyri-yaşayış obyektinə dövlət reyestrindən çıxarış verilib.

Məlumata götə, sözügedən fərmanın icrası çərçivəsində çıxarış verilən qeyri-yaşayış obyektləri daha çox Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşir.

“Qeyri-yaşayış binalarına mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, daşınmaz əmlak bazarının canlanmasına şərait yaradır. Belə ki, sahibkarlar mülkiyyət hüququ təsdiq olunmuş əmlakını ipoteka, sığorta, alqı-satqı və digər əməliyyatlar üçün istifadə edə bilərlər.

Sahibkarlıq subyektlərinin əmlakına mülkiyyət hüquqlarının tanınması yeni iş yerlərinin açılmasına, sosial ödənişlərin həcminin artmasına, məşğulluq səviyyəsinin yüksəldilməsinə əhəmiyyətli töhfə verir. Fərmanın icrası qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi baxımından xüsusi önəm kəsb edir”, – məlumatda qeyd olunub.