11:55 - 14.02.2024
14 fevral, Fineko/abc.az. Nazirlər Kabineti bu gün istefa verəcək.
ABC.AZ xəbər verir ki, fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gələn İlham Əliyev bu gün and içib.
Konstitusiyanın 103-cü maddəsinin II hissəsinə əsasən, and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.
Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.
Konstitusiyanın 121-ci maddəsinə əsasən, Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə dair tələblər də müəyyənləşib. Baş nazir, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan vətəndaşı təyin edilir. Konstitusiyanın 122-ci maddəsində isə qeyd edilib ki, Baş nazir, onun müavinləri, nazirlər, digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.