"Yapı Kredi Bank Azərbaycan"ın aktivləri 47%, depozitləri isə 45%-dən çox böyüyüb

15:56 - 16.07.2026


16 iyul, Fineko/abc.az. "Yapı Kredi Bank Azərbaycan" QSC 2026-cı ilin I yarısının maliyyə nəticələrini elan edib. Hesabata əsasən, bank əsas balans göstəriciləri üzrə ikirəqəmli sürətli böyümə nümayiş etdirərək bazardakı mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib.

Məlumata görə, cari ilin iyulun 1-nə bankın aktivləri illik müqayisədə 47,1% artaraq 870,732 milyon manata yüksəlib. Aktivlərin böyüməsində əsas hərəkətverici qüvvə kreditləşmənin genişlənməsi olub. Belə ki, bankın xalis kredit portfeli son bir ildə 30,8% böyüyərək 465,395 milyon manata çatıb.

Əhalinin və biznesin banka olan inamının göstəricisi olaraq, depozit portfeli də kəskin – 45,8% artaraq 572,968 milyon manat təşkil edib. Bu dövrdə bankın ümumi öhdəlikləri 55,8% artaraq 740,762 milyon manata, balans kapitalı isə 11,5% artaraq 129,97 milyon manata yüksəlib.

Maliyyə hesabatına əsasən, bankın gəlirləri də yüksək artım tempi nümayiş etdirib və 28,1% artaraq 47,043 milyon manat olub. YKBA hesabat dövrünü 4,788 milyon manat xalis mənfəətlə başa vurub. Mənfəətin həcmində qeydə alınan cüzi dəyişiklik isə bankın gələcək risklərin sığortalanması məqsədilə xüsusi ehtiyatlara ayırmaları 31,7% (3,268 milyon manatadək) və dövlət büdcəsinə mənfəət vergisi ödəmələrini 79,3% (1,589 milyon manatadək) kəskin artırmasından qaynaqlanıb.