Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində irəliləyiş var - Proqnoz

15:05 - 17.07.2026


17 iyul, Fineko/abc.az. "Moody's Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan üzrə növbəti dövri baxışını tamamlayıb və ölkənin mövcud kredit reytinqlərinin əsaslandırılmasını yenidən qiymətləndirib.

Agentliyin qiymətləndirməsinə görə, Azərbaycanın Baa3 səviyyəsində olan uzunmüddətli emitent reytinqini dəstəkləyən əsas amillər Dövlət Neft Fondunun (SOFAZ) idarə etdiyi iri həcmli maliyyə aktivləri hesabına formalaşmış güclü xalis kreditor mövqeyi, hökumətin fiskal dayanıqlığı və makroiqtisadi siyasətin tədricən yaxşılaşmasıdır. Moody's hesab edir ki, bu maliyyə ehtiyatları hökumətin likvidlik və xarici risklərini azaldır, eyni zamanda iqtisadi şoklar zamanı əks-tsiklik fiskal siyasət aparmağa imkan verir.

Agentlik bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irəliləyiş müşahidə olunsa da, neft-qaz sektorundan yüksək asılılıq, institusional və idarəetmə sahəsində uzunmüddətli zəifliklər, eləcə də Ermənistanla münasibətlərdən irəli gələn geosiyasi risklər ölkənin kredit profilini məhdudlaşdıran əsas amillər olaraq qalır.