14:45 - 17.07.2026
17 iyul, Fineko/abc.az. Dövlət Vergi Xidmətində sadələşdirilmiş vergi üzrə dövriyyə limitinin artırılması müzakirə edilib.
Bu barədə qurumdan bildirilib. Məlumata görə, Dövlət Vergi Xidmətində İqtisadi Şuranın Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrupunun Vergi Altqrupunun Koordinasiya Qrupu nümayəndələri ilə görüş keçirilib.
Xidmətin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov görüş iştirakçılarına vergi inzibatçılığında bir sıra istiqamətlərdə aparılan müvafiq təkmilləşdirilmə işləri ilə bağlı geniş məlumat verib, vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə ödənişlərin real vaxt rejimində işlənməsi istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə həyata keçirilən tədbirlər, sərəncamların tətbiqi ilə bağlı icra olunan pilot layihə barədə yenilikləri diqqətə çatdırıb.
Görüş zamanı Koordinasiya Qrupu biznes nümayəndələrindən toplanılan ümumiləşdirilmiş hər bir təklif üzrə müzakirələr aparıb. Bundan başqa, mikro sahibkarlara verilən güzəştlər, kənd təsərrüfatı məhsullarından hazırlanan məhsullara və təkrar bazar əməliyyatlarına ƏDV-nin ticarət əlavəsinə tətbiq edilməsi, sadələşdirilmiş vergi üzrə dövriyyə limitinin artırılması, vergi inzibatçılığı və şikayətlərə dair təkliflər çərçivəsində kameral vergi yoxlamaları nəticəsində bank hesablarına sərəncam qoyulması təcrübəsinin təkmilləşdirilməsi, riskli vergi ödəyicisi statusunun tətbiqi, şikayətlərə baxılma müddətlərinin qısaldılması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məsələləri qeyd edilib.
15 İyul 2026
16 İyul 2026