ABB-nin yarımillik xalis mənfəəti 147 mln dollara, aktivləri isə 9 mlrd dollara yüksəlib

11:22 - 17.07.2026


17 iyul, Fineko/abc.az. "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) 2026-cı ilin birinci yarısını yüksək maliyyə artımı ilə başa vuraraq, xalis mənfəətini ötən ilin eyni dövrü ilə müqayisədə 61,2% artırıb və 250,556 milyon manata (təxminən 147,4 milyon dollar) çatdırıb.

 Yanvar-iyun aylarında bankın gəlirləri uğurlu biznes fəaliyyəti sayəsində 23,6% yüksələrək 903,376 milyon manata bərabər olub, xərclərinin artım tempi isə gəlirlərdən geri qalaraq cəmi 15,1% (536,514 milyon manat) təşkil edib.

Bu dövrdə bankın aktivləri dayanıqlı şəkildə 9% böyüyərək 15 milyard 304,532 milyon manata (təxminən 9 milyard dollar), o cümlədən müştərilərə verilən xalis kreditlər (kredit portfeli) 14,3% yüksələrək 6 milyard 963,884 milyon manata çatıb.

 Əhalinin banka olan yüksək inamının göstəricisi olaraq depozit portfeli 9 milyard 257,094 milyon manata yüksəlib, bankın balans kapitalı isə 11,4% güclənərək 2 milyard 231,782 milyon manat olub.